Yeni ofisə keçərkən edilməli işlərdən biri də elektrik sistemini nəzərdə keçirməkdir. Bəzən sadə kiçik düzəlişlər kifayət etsə də, bəzən elektrik sistemini tamamilə dəyişmək lazım olur.
Bu yazımızda bu qərar necə verəcəyinizdən və ofis təmiri üçün elektrik ustasını haradan tapa biləcəyinizdən bəhs edəcəyik.
Ofisinizin elektrik sisteminin yenilənməyə ehtiyacı olduğunu necə bilə-bilərsiniz?
Ofisdə elektrik sistemini nə zaman yeniləməli olduğunuzu bilmək sizi bir xeyli baş ağrısından xilas edəcək. Əgər işıqların tez-tez gedib-gəldiyini (el arasında zamkanya da deyilir), elektrik sisteminin tam gücündə işləmədiyini və ya işıqpulunun həddən artıq çox gəldiyini görürsünüzsə, bu sizə bir işarə olmalıdır. Əlavə olaraq, naqilləriniz köhnədirsə, effektivlik və etibarlılıq baxımından problemlərlə üzləşə bilərsiniz. Effektiv məftil yeniləməsi olmadan bu problemlər təhlükəli şəraitə gətirib çıxara və məhsuldarlığa təsir göstərə bilər.
Ofis elektrik sistemini yeniləməyin hansı faydaları var?
Əgər ofisdə elektrik sistemini başdan-aşağı yeniləməyi düşünürsünüzsə, bir çox üstünlükləriniz olacaq. İlk növbədə, elektrik naqillərini yeniləmək yanğın təhlükəsizliyinə qarşı sizi sığortalayacaq. Elektrik istifadəsi müəyyən qədər azalacaq (əgər uzun illərdir eyni elektrik sistemini istifadə edirsinizsə bu fərq daha da böyük olacaq), işıqpulunda azalma görəcəksiniz və müasir alətlər daha etibarlı şəkildə çalışacaq. Əlavə olaraq, ofisi təhvil verərkən yenilənmiş elektrik sistemi onun dəyərinin artmasına da gətirib çıxarır.
Elektrik sistemini yeniləmək sadəcə enerji istifadəsini azaltmaq və təhlükəsizliyi təmin etməkdən ibarət deyil, bu həm də işinizə ciddi yanaşdığınızı göstərən bir investisiyadır.
Ofisdə elektrik sisteminin yenilənməsini necə planlaşdırmaq lazımdır?
Əgər ofisdə elektrik sistemini başdan aşağı yeniləmək istəyirsinizsə, etməli olduğunuz ilk şey plan qurmaqdır. İlk növbədə hazırki sistemlərinizi nəzərdən keçirin, nələrin yenilənməli olduğunu və naqillərin keyfiyyətini dəyərləndirin. Xüsusilə də tez-tez problem çıxaran alətlərə və cihazlara, onların ətrafındakı elektrik sistemlərinə nəzər yetirin. Onlar sizə elektrik sistemlərini yeniləyərkən ən çox fayda gətirəcək əşyalardır.
Daha sonra ofisinizdəki ehtiyacları nəzərə alın. Sadəcə bugünü deyil, gələcəyi də düşünün. İndi nələrə ehtiyacınız var, gələcəkdə necə böyüməyi nəzərdə tutmusunuz? Nələrə ehtiyacınız ola bilər. İşə başlamışkən bütün hazırlığı görmək sizə daha ucuz başa gələcək.
Büdcə də əsas problemlərdən biridir. İdeal halda ən keyfiyyətli əşyaları alıb, ən uyğun yeniləmələri etməlisiniz, lakin bir çox halda büdcə buna imkan vermir. Yaxşı planlaşdırma həm bugünü, həm sabahı nəzərə alaraq ən uyğun seçimi etməkdir.
Ofisdə elektrik sistemini yeniləmək üçün nələrə ehtiyac var?
Ofisdə elektrik sistemini yeniləyərkən qarşısınıza bir çox seçim çıxa bilər. Təkcə naqillərdə belə uzunömürlülüyü və ötürmə qabiliyyəti ilə seçilən mis naqillər və yüngül çəkisinə və ucuzluğuna görə seçilən alüminium naqillər var. Düzgün seçimi etmək müəyyənləşdirdiyiniz büdcədən və xüsusi ehtiyaclarınızdan asılıdır. Bu məsələdə elektrik ustaları sizə daha uyğun məsləhətlər verə bilər.
Müasir elektrik panelləri, cərəyan tənzimləyici qurğular önəmli əlavələrdir. Onlar həm qısaqapanmadan sizi qoruyur, həm də bir sıra təhlükəsizlik və enerjiyə qənaət imkanları təklif edir. İstifadə edəcəyiniz elektrik yuvaları da önəmlidir. Onlar ofisinizin dizaynına önəmli təsir edir, ancaq unutmamaq lazımdır ki, elektrik enerjisinə qənaətdə də xüsusi rol oynayırlar.
Ofisdə elektrik sistemi yenilənməsinə hazırlaşarkən nə etmək lazımdır?
Hazırlıqlı olmaq istənilən işdə sizə üstünlük verəcək, elektrik sistemlərini yeniləmək də bu qaydaya istisna deyil. Keyfiyyətli bir elektrik ustası tapmaq mütləqdir, onların köhnə müştəriləri üçün gördükləri işlərə nəzər salın və öz seçiminizi edin. İşini bilən bir elektrik ustası gələcəkdə sizi əlavə xərclərdən xilas edə bilər.
Ofis naqillərinin təkmilləşdirilməsi üçün addım-addım təlimat
Düzgün istiqamət götürdükdə naqillərin yenilənməsi işi olduqca sadədir. Sadəcə aşağıdakı qaydalara riayət edin və keyfiyyətli nəticə əldə edəcəksiniz:
Addım 1: Elektriki mənbədən söndürün
İşə başlamazdan öncə ilk olaraq mərkəzi elektrik qutusundan elektriki söndürün. Bütün işıqları söndürməyə ehtiyac yoxdur, lakin iş gedən otağı söndürmək və uzadıcı ilə başqa otaqlardan enerji çəkmək ən ideal yoldur. Bu addım sizi elektrik şoklarından, tok vurmasından və potensial təhlükələrdən qoruyacaq.
Addım 2: Köhnə naqilləri və elektrik yuvalarını çıxarın
Köhnə, qüvvədən düşmüş naqilləri və elektrik yuvalarını aralayın. Bu əşyalarla ehtiyatlı davranmaq lazımdır, mümkünsə rezin əlcəklərdən və elektrikin olub-olmadığını yoxlayan xüsusi alətlərdən istifadə etmək lazımdır.
Addım 3: Yeni naqilləri və elektrik yuvalarını quraşdırın
Köhnə hissələri çıxardıqdan sonra yenilərini quraşdırmağın vaxtıdır. Mümkündürsə, elektrik ustasına etibar edin, yoxdursa təhlükəsizlik qaydalarına əməl edərək quraşdırmağa başlayın.
Addım 4: Sistemi test edin
Quraşdırma bitdikdən sonra test etmək lazımdır. İlk növbədə limitli olaraq elektrik enerjisinin kəsintisiz gəldiyinə, elektrikin gəlib-getmədiyinə və alətlərin elektriki düzgün bölüşdürdüyünə əmin olun.
Addım 5: Elektriki tam bərpa edin və işinizi davam etdirin
Test mərhələsi bitdikdən sonra enerjini tam bərpa edin. Son dəfə hər şeyi nəzərdən keçirin və hər şeyin düzgün işlədiyinə əmin olduqdan sonra fasadları bərkitməyə başlayın.
Elektrik ustasını hardan tapmaq olar?
Ofisdə elektrik sistemini yeniliyirsinizsə, elektrik ustası mütləqdir. Ancaq, bu zaman bir sual ortaya çıxır. Elektrik ustasını hardan tapmaq olar və onun işinin keyfiyyətinə necə əmin olmaq olar?
Burada ən yaxşı üsul ilk növbədə öz dost-tanış çevrənizdən başlamaqdır. İlk növbədə sahibkar olan dostlarınızdan və tanıdıqlarınızdan soruşun, onlar bu işi ediblərmi, kimlə işləyiblər və nəticədən razı qalıblarmı.
Daha sonra isə Facebook qruplarından və internet saytlarından faydalana bilərsiniz. Elektrik ustasını tapdıqdan sonra isə ondan köhnə işlərinin şəkillərini, varsa videolarını və işlədiyi insanların əlaqə məlumatlarını götürə bilərsiniz. Onlardan iş keyfiyyəti haqqında soruşa, hətta ofisə canlı baxış da keçirə bilərsiniz (təbii ki, sahibkar da buna razılıq verərsə).
Elektrik sistemini yenilədikdən sonra nə etmək lazımdır?
Elektrik sistemi ofis təmiri zamanı etməli olduğunuz ilk addımlardandır. Bunları bitirdikdən sonra növbəti addımınızda su və kanalizasiya sistemlərini təmir etməyi məsləhət görürük. Çünki elektrik sistemlərini təmir edərkən divarlarda çox iş görülür, növbəti mərhələdə ən çox iş isə kanalizasiya sistemlərindədir.
Həm də kosmetik təmirlər və digər kiçikmiqyaslı təmirlər daha rahat və ətrafa çox zərər vermədən edilə bilər. Kanalizasiya təmirini isə əsas təmir yekunlaşdıqdan sonra etmək sizi bir xeyli xərcə sala bilər.